Rusiyaya qarşı yeni sanksiyalar MÜZAKİRƏDƏ

12:12 13.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya Kallas bildirib ki, İttifaqın xarici işlər nazirləri bazar ertəsi günü Brüsseldə Rusiyaya qarşı yeni sanksiyalar paketini, Ukraynadakı müharibəni və bir sıra beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etmək üçün toplaşıblar.

Hafta.az xəbər verir ki, Kaya Kallas görüşdən əvvəl jurnalistlərə bildirib:

“Ümid edirik ki, 250 siyahı razılaşdırılacaq və bundan sonra hələ razılaşma əldə olunmayan 21-ci sanksiya paketi üzərində işləmək niyyətindəyik”.

Kallas təklif olunan sanksiya siyahılarının Rusiyanın son zamanlar mülki şəxslərə qarşı hücumlarına cavab olduğunu deyib. O əlavə edib ki, nazirlər, həmçinin Rusiyanın nəzarətində olan ərazilərdə saxlanıldığı iddia edilən Ukrayna mülki şəxslərinin, o cümlədən müəllimlər və jurnalistlərin, hərbi əsirlər və oğurlanmış uşaqların vəziyyətini də müzakirə edəcəklər.

“Biz həmin insanları azad etmək üçün bu tələbləri yerinə yetirə biləcəyimiz bir platforma yaratmağı düşünürük”, -deyən Kallas əlavə edib ki, saxlanılan mülki şəxslər haqqında məlumat əldə etmək oğurlanmış uşaqlarla müqayisədə daha çətindir.

Kallas bildirib ki, nazirlər Aİ-nin Qara dəniz strategiyasını, o cümlədən Bolqarıstan və Rumıniya arasında regionda vacib infrastrukturun qorunması və hibrid təhdidlərin aradan qaldırılması üçün əməkdaşlığı da müzakirə edəcəklər.

Gündəliyə Yaxın Şərqdə gərginliklə bağlı məsələ də daxildir və nazirlər Körfəz tərəfdaşları ilə regional təhlükəsizlik mövzusunda danışıqlar aparacaq, Hörmüz boğazında baş verən hadisələri müzakirə edəcəklər. “Hörmüz boğazı açılmalı, naviqasiya azadlığına hörmət edilməlidir. Orada heç bir rüsum və naviqasiya haqqı ola bilməz”, - deyə Kallas qeyd edib.

Xarici işlər nazirlərinin Bosniya və Herseqovina, Qərbi Balkanlar və Sudandakı münaqişəni də müzakirə edəcəkləri gözlənilir. Kallas bildirib:

“Bunu unutmamalı və vasitəçilik edənlərə, eləcə də orada vəziyyətə müdaxilə edənlərə aydın mesajlar göndərməliyik”./“Politico”/